Komisyon qaydada satış vergiyə necə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

KomisyonPərakəndə və topdan satışla, yəni sərbəst ticarətlə məşğul olan təsərrüfat subyektləri malsatanlardan malları hazır vəziyyətdə alır və malın əldəetmə dəyərinin üzərinə öz tədavül xərclərini və mənfəətlərini əlavə edərək müştərilərinə satırlar. Bütün ərzaq və qeyri-ərzaq, o cümlədən tikinti materialları və sənaye istehsalı məhsullarını mağazalardan topdan və pərakəndə formada satan hüquqi və fiziki şəxslər satışa çıxarmaq istədikləri malları, əsasən, alğı-satqı müqavilələri çərçivəsində əldə edirlər. Lakin satıcı-ticarət obyektləri malların onların üzərində mülkiyyət hüququna malik olmadan da əldə etməklə və sonradan müştərilərə təqdim edilməsi yolu ilə satışı həyata keçirə bilər. Bu, komisyon qaydada mal satışı adlandırılır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarının tələbləri əsasında həyata keçirilir.

Bax: Bəzi fəaliyyət növləri daha sadələşdirilmiş vergiyə cəlb edilir

İqtisadçı ekspert Mehdi Babayev hesab edir ki, malların komisyon qaydada satışının ticarət obyekti üçün böyük əhəmiyyəti vardır: «Misal olaraq iki qaydada satış formasını göstərək. Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicisi olan istehsalçı istehsal etdiyi malı alğı-satqı müqaviləsi çərçivəsində 100 manata Bakı şəhərində fəaliyyət göstərən digər sadələşdirilmiş verginin ödəyicisi olan ticarət obyektinə satır və ticarət obyektində həmin mala müstəqil qiymət qoyularaq pərakəndə formada 120 manata satılır. Bu halda istehsalçı şəxsin 4 manat (100 x 4%), ticarət obyektinin isə 4,80 manat (120 x 4%) sadələşdirilmiş vergi öhdəliyi yaranır. Başqa sözlə, sadələşdirilmiş vergi ödəyicisi olan ticarət obyektinin vergi yükü 4 manat 80 qəpik təşkil edir.

Bax: Sadələşdirilmiş vergiyə hansı dəyişikliklər olacaq?

Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicisi olan istehsalçı şəxs istehsal etdiyi malın satışını komissiya müqaviləsi çərçivəsində fəaliyyət göstərən digər sadələşdirilmiş vergi ödəyicisi olan ticarət obyektinə tapşırır və bu məqsədlə malları ticarət obyektinə təhvil verir. Mal sahibi (istehsalçı şəxs, malın mülkiyyətçisi) ticarət obyektinin sahibi ilə müqavilə bağlayarkən malın 120 manata satışını ticarət obyektinə tapşırır və bununla da mal sahibi alğı-satqıda şəxsən iştirak etmək zərurətini öz üzərindən götürür. Ticarət obyekti isə istehsalçının malı üçün alıcı cəlb etmək və istehsalçının malının 120 manata satmaq öhdəliyini öz üzərinə götürür və əvəzində satışın 20%-i həcmində muzd tələb edir. Mağaza satılan malın mülkiyyətçisi olmadan həmin malı öz adından 120 manata satsa da, bunu istehsalçının tapşırığı ilə etmiş olur.

Komissiya müqaviləsi məhz elə bir hüquqi əsasdır ki, komisyonçuya (ticarət obyektinə) öz adından çıxış etməklə bizim misalda istehsalçı şəxsin əmlakını özgəninkiləşdirmək hüququ verir. Burada istehsalçıda 4,80 manat (120 x 4%), ticarət obyektində isə 0,96 ((120 x 20%) x 4%) manat sadələşdirilmiş vergi öhdəliyi yaranır. Deməli, komisyon qaydada mal satışı həyata keçirən ticarət obyektinin vergi yükü 0,96 manat təşkil etmiş olur».

Bax: İşsizlər və qeyri-rəsmi işçiləri necə xilas etməli?
Hüquqşünas bildirir ki, komisyon qaydada satışın əhəmiyyəti odur ki, ikinci əl kimi mal satışını həyata keçirən ticarət obyektinin dövriyyəsi barədə məlumatlar həqiqətə daha uyğundur və ticarət obyekti şişirdilmiş dövriyyələrlə təqdim olunan hesabatların qınağına çevrilmir.

Xərclərin, sənədləşmələrin həcminin və risklərin azaldılması ilə nəticələnən satışın bu qaydası ticarət obyektlərinə daha sərfəlidir: «Ticarət obyektlərinin auditi zamanı hər iki qaydada satış əməliyyatları ilə rastlaşmaq olar. Lakin komisyon qaydada satış fəaliyyətini, demək olar ki, çox az sayda ticarət obyektində görmək olar. Hər iki əməliyyat satış mənzərəsi yaratsa da, mahiyyəti tamamilə bir-birindən fərqlidir.

Praktikada, bir qayda olaraq, ticarət obyektləri tərəfindən satılmaq məqsədilə alınan mallar, əsasən, alğı-satqı müqavilələri ilə, yəni malların üzərində tam mülkiyyət hüququna malik olmaq şərtilə əldə edilir və sonradan ticarət obyektlərinin xüsusi malı kimi satılır. Digər bir qaydaya əsasən isə ticarət obyektləri tərəfindən mallar onlar üzərində mülkiyyət hüququna malik olmadan əldə edilir və sonradan başqasının malı kimi satılır: «Ticarət obyekti malları onların üzərində tam mülkiyyət hüququna malik olmaq şərtilə əldə etdikdə istədiyi qiymətə sata bilər, malları komisyon qaydada, yəni üzərində mülkiyyət hüququna malik olmadan əldə etdiyi halda isə mal sahibinin təyin etdiyi qiymətə satmalıdır. Burada ticarət obyektləri tərəfindən komisyon qaydada mal satışı ilə bağlı əməliyyatların sənədləşdirilməsinin düzgünlüyü vacib məsələdir və audit zamanı hər bir əməliyyatı təsdiq edən sənədləşmə qaydasına diqqət yetirilməlidir. Sənədləşmələr qanunvericilik baxımından düzgün aparılmadığı halda, əlavə vergilərin və təhrif olunmuş vergilərin yaranması mümkündür.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mallar üzərində mülkiyyət hüququ alıcı ticarət obyektinə keçməmək şərtilə ticarət obyekti tərəfindən komissiyaya təhvil alınması (qəbul olunması) və satış xidmətlərinin göstərilməsi üçün ticarət obyekti-mal sahibinin malını satan şəxs ilə mal sahibi arasında komissiya müqaviləsi bağlanılır. Komitent şəxs komissiyaya verdiyi malların ticarət obyekti (mağaza) tərəfindən təhvil-qəbulunu ciddi hesabat blankı sayılan qaimə-faktura ilə rəsmiləşdirir və malları ticarət obyektinə təhvil verir. Bu rəsmiləşdirmə malların ticarət obyektinə satılması kimi qiymətləndirilmir, çünki burada alğı-satqı müqaviləsi deyil, komissiya müqaviləsi bağlanılmışdır. Ticarət obyektindən malın müştərilərə – əhaliyə və hüquqi şəxslərə pərakəndə və topdan formada nağd satışı ticarət obyektinə məxsus NKA və ya POS-terminal vasitəsilə çeklə və qaimə-faktura ilə, ehtiyac yarandığı halda isə alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.

Bax: Vergilərin online ödənişinin hansı metodları var?

Əgər mallar faktiki olaraq ticarət obyekti tərəfindən komisyon qaydada satılmışdırsa, satılmış malların dəyərinin alıcılardan alınıb-alınmamasından və ya alıcılardan alınan məbləğlərin mal sahibinə ödənilib-ödənilməməsindən asılı olmayaraq, ticarət obyekti alıcılara faktiki olaraq təqdim edilmiş malların miqdarını, məbləğini, satış vaxtını və digər zəruri göstəriciləri əks etdirən yazılı bildirişi (yaxud aktı), yəni satılmış malların hərəkətini əks etdirən cədvəli mal üzərində tam mülkiyyət hüququna malik şəxsə təqdim edir. Bu cədvəli «satış xidmətlərinin göstərilməsinə dair akt» da adlandırmaq olar və bu akt komissiya müqaviləsi üzrə müəyyənləşdirilmiş vaxtlarda hesabat dövrləri üzrə komitentə təqdim olunur. Aktda ticarət obyektinə ödənilməsi nəzərdə tutulan muzd göstərilməlidir».

Bax: Outsourcing barədə 10 məlum olmayan fakt 

Ticarət obyektinin uçotunda komisyon qaydada malların komitentdən təhvil alınmasının və alıcılara satışı üzrə əməliyyatların uçotu digər bütün satış əməliyyatlarının uçotundan ayrı aparılmalıdır. Vergi Məcəlləsinin 172.6-cı maddəsində göstərilir ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən bu maddədə göstərilən əməliyyatlardan başqa digər əməliyyatlar da həyata keçirildikdə, həmin əməliyyatların uçotu ayrıca aparılır. Sadələşdirilmiş verginin ödəyicisi tərəfindən komisyon qaydada malların alınması və satışı üzrə əməliyyatların uçotunun ayrı aparması tələbi Vergi Məcəlləsində ayrıca nəzərdə tutulmasa da, bu əməliyyatların ayrı aparılması məqsədəuyğundur. Çünki sadələşdirilmiş vergi ödəyicisi bu əməliyyatlar çərçivəsində mal sahibinə satış xidmətləri göstərir və göstərdiyi xidmətin əvəzində muzd (haqq) alır.

Sadələşdirilmiş verginin ödəyicisi həm alğı-satqı, həm də komissiya qaydasında əldə etdiyi malların satışını həyata keçirirsə, alğı-satqı müqaviləsi ilə əldə etdiyi malların alıcılara satışından daxil olan vəsaitlərin tam dəyərini vergiyə cəlb etdiyi halda, komissiya qaydasında əldə olunan malların satışından əldə etdiyi vəsaitləri birbaşa vergiyə cəlb olunan dövriyyə kimi qəbul etməməlidir. Burada vergitutma obyekti ticarət obyekti tərəfindən həyata keçirilən satış dövriyyəsindən ticarət obyektinə verilən mükafatdır.

Mənbə: vergiler.az / №43 (937) 14 noyabr 2018


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email