Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası

posted in: Xəbər | 0
birbank biznes

İşçinin hər iş ili üzrə bir dəfədən az olmayaraq iş yerini, vəzifəsini saxlamaqla, iş günləri ərzində müvəqqəti işdən uzaqlaşmaqla məzuniyyətdən istifadə hüququ var. Onun müxtəlif növləri var, əmək məzuniyyəti təcrübədə ən çox istifadə edilir. Onun minimum müddəti 21 təqvim günüdür, amma müxtəlif kateqoriyalardan olan işçilər üçün daha çox ola bilər. Müddətindən asılı olmayaraq işçilərin bu hüquqdan istifadəsi zamanı, məzuniyyətin hissələrə bölünməsi mümkündür. Həmçinin, zəruri hallarda işçini məzuniyyətdən geriçağırma halları da mümkündür.

Məzuniyyətin hissələrə bölünməsi

Əmək məzuniyyəti verilərkən onun hissələrə bölünməsi qaydası Əmək Məcəlləsinin 137-ci maddəsi ilə tənzimlənir. Bu zaman tələb edilən əsas şərt həmin bölünmüş hissələrdən birinin müddətinin 2 təqvim həftəsindən, yəni 14 gündən az olmamasıdır. Həmin 14 günük məzuniyyət hüququnun ilkin, yaxud da sonrakı vaxtda istifadəsi işçi və işəgötürənin qarşılıqlı razılığı ilə həyata keçirilir. Hissələrə bölünmüş məzuniyyətin müddətləri növbəlilik cədvəllərində nəzərdə tutulur. Bəs növbəlilik cədvəlində bu barədə qeydlər aparılmayıbsa? Bu halda:

  • işçi əməl məzuniyyətinin hissələrə bölünməsi üçün işəgötürənə müraciət edir;
  • işəgötürən müraciət əsasında, uyğun olarsa, əmr hazırlayır;
  • məzuniyyətin qalan hissələrinin müddətləri həmin əmrdə göstərilir.

Sadə nümunəyə nəzər yetirək:

Nümunə 1:

Sual: “A” MMC-də mühasib vəzifəsində çalışan Həsənov Adil 01.02.2022-ci il tarixində əmək müqaviləsi bağlayaraq işə qəbul edilmişdir. Adilin 21 günlük məzuniyyət hüququ var.  Adil sentyabrın 5-i 10 günlük məzuniyyətindən istifadə etmək istəyir. İşəgötürən onun bu istəyini təmin edə bilərmi?

Cavab: Adilin 21 günlük əmək məzuniyyəti hüququndan 10-u verilərsə, geridə 11 gün qalır. Bu ƏM-nə zidd olduğundan, işəgötürən Adilin bu istəyini yerinə yetirə bilməz. O, 7 günlük məzuniyyət götürə bilər, bu zaman istifadə edilməmiş 14 günü qalacaq.      

Nəzərə almaq lazımdır ki, təhsil sahəsində çalışan pedaqoji işçilərə təyin edilən məzuniyyətin hissələrə bölünməsi mümkün deyildir.

Məzuniyyətin bir hissəsindən istifadə edən işçi digər qalan hissəni aşağıda göstərilən qaydada dəyərləndirə bilər:

  • məzuniyyətin təyin edildiyi iş ilinin sonuna qədər;
  • təqvim ilinin sonuna qədər;
  • növbəti iş ilində məzuniyyətə birləşdirməklə.

Məzuniyyətdən geriçağırma qaydası

İstehsal prosesində yaranan zərurətlə bağlı, müstəsna hallarda, işçi əmək məzuniyyətindən geri çağırıla bilər (ƏM, maddə 137).  Qeyd edilən maddənin 1-ci bəndində  işəgötürən tərəfindən məzuniyyətdən  geriçağrılma hallarına aşağıdakılar aid edilir:

  • yaranmış qəzanın nəticələrinin aradan qaldırılması;
  • təxirə salına bilinməyən işlərin icrasının zəruriliyi.

Hər iki halda işçinin razılığı mütləqdir, məzuniyyət müddətində işçi işə başlamaq istəməzsə, işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilə bilməz.

İşçinin təşəbbüsü ilə məzuniyyətdən geriçağrılma yalnız işəgötürənin razılığı ilə mümkündür (maddə 137.4).
Məzuniyyətdən geriçağırma  baş verəndən sonra ödəniş ƏM-nin 137.3 maddəsinə uyğun tənzimlənməlidir, yəni:

  • işə başlanan gündən əməkhaqqı hesablanır, əlavə ödənişsiz istirahət günləri təyin edilir, yaxud;
  • məzuniyyətin istifadə edilməyən günlərinin məbləği işçiyə təyin edilən əməkhaqqıdan tutulur və həmin günlərin sonradan müəyyən olunan müddətdə məzuniyyət pulunun yenidən hesablamaqla verilməsi təmin edilir.

Məzuniyyətdən geriçağırma zamanı əmək haqqı hesablamaları haqqında nümunələrlə buradan tanış ola bilərsiniz.

Geriçağırmanın rəsmiləşdirilməsi

İşəgötürən məzuniyyətin hissələrə bölünməsinə nisbətən geriçağırmanın rəsmilşdirilməsinə daha diqqətlə yanaşmalıdır. Təcrübədə yarana biləcək əmək mübahisələrinin qarşısını almaq məqsədilə məzuniyyətdən geriçağrma zamanı işçinin razılığı yazılı formada alınmalıdır. Yalnız bundan sonra işəgötürən məzuniyyətdən geriçağırma üçün əmr verməlidir. Əmrdə işçinin adı, soyadı, vəzifəsi, əmək məzuniyyətindən geri çağrılma səbəbləri, gələcək təminatının necə olacağı, ona nə vaxt ödənişli, ya da ödənişsiz əvəzgün verilməsi qeyd edilməlidir. İşçi bu şərtlərlə tanış olmalı, öz razılığını bildirməlidir.


Print Friendly, PDF & Email