Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

MənzilMənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?


Bu cür hərəkətə yol verən şəxsləri büdcədən yayındırılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası gözləyir

Adətən, avqustun ortalarından payıza doğru paytaxtda kirayə mənzillərə tələbat xeyli artır ki, bu da qiymətlərin bahalaşmasına səbəb olur. Hazırda Bakıda mənzillərin orta kirayə haqqı 300-1000 manat arasında dəyişir. Nəzərə alsaq ki, Bakıda yaşayanların təxminən 30 faizi ev kirayələyir, onda mənzillərin icarəsindən əldə olunan gəlirlərin heç də kiçik məbləğ olmadığı aydınlaşar. Deməli, mənzilini kirayə verən ev sahiblərindən tutulmalı olan vergilərin məbləği də dövlət büdcəsi üçün kiçik deyil.

Həmçinin bax: Verginin sıfır (0) dərəcəsi ilə tutulması

Şəxsi evini icarəyə verənlər vergi ödəmək üçün hansı prosedurları həyata keçirməlidirlər?

Prosedur qaydalarına görə, vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verdikdə ona ödənilən kirayə haqlarından ödəmə mənbəyində 14 faiz vergi ödəməlidir. Bu zaman evini kirayə verən şəxsin vergi orqanında uçota alınmaq, əldə etdiyi icarəhaqqından vergi ödəmək və bu barədə vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranmır. Vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verdiyi halda özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət edərək vergi orqanında uçota alınmalı və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) əldə etməlidir. VÖEN şəhadətnaməsini əldə etmək üçün ərizəçinin özünün şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etməsi kifayətdir. Bundan sonra VÖEN-i olan vətəndaş kirayə haqqından əldə etdiyi gəlirdən dövlət büdcəsinə Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə mğəyyən edilmiş qaydada vergi ödəməli və növbəti il martın 31-dək vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim etməlidir.

Bu da həqiqətdir ki, bəzi vergi ödəyiciləri kirayə müqavilələrində icarəhaqqının məbləğini faktiki məbləğdən az göstərir, bir çox hallarda isə mənzillər heç bir rəsmiləşmə olmadan icarəyə verilir. Başqa sözlə, mənzilin kirayə verilməsi vergi orqanlarından gizlədilir. Belə olan halda vergidən yayınan şəxslərə qanunvericiliklə müəyyən edilmiş inzibati cəzalar tətbiq oluna bilər. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, kirayə haqqının məbləği müqavilədə tam göstərilmədiyi və ya əmlak müqavilə olmadan icarəyə verildiyi halda vergi orqanları icarə müqaviləsində göstərilən qiymətlə deyil, bazar qiymətləri əsasında vergiləri hesablamaq səlahiyyətinə malikdir. Mənzilini kirayə verənlər vergidən yayındıqda onun barəsində bu məsuliyyət tədbirləri tətbiq oluna bilər:

· Müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamağa və bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarəhaqlarına görə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə, hər bir nöqsana görə ayrı-ayrılıqda 40 manat (yəni 80 manat) məbləğində maliyyə sanksiyası tətbiq edilir;

· Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğin faktiki məbləğə nisbətən azaldılmasına, habelə vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılmasına görə azaldılmış və ya yayındırılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;

· Vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən zox olmamaqla, vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Həmçinin bax: Ümidsiz borcları necə xərcə silməli?

Hər bir fiziki və hüquqi şəxs öz qazancından vergi ödəməlidir.

Milli Məclisin deputatı Vahid Əhmədov hesab edir ki, istənilən halda, gəlir əldə edən hər bir fiziki və hüquqi şəxs qazanc götürdüyü sahədən dövlət büdcəsinə vergi ödəməlidir. Ancaq faktiki olaraq Azərbaycanda mənzil kirayəsindən vergi ödəmələri ya ümumiyyətlə yoxdur, ya da bu ödənişlərinin vergi daxilolmalarında payı çox cüzidir: «Bu, bir qədər həssas məsələdir. Ona görə də bu məsələyə yenidən baxılmalı, maarifləndirmə işləri aparılmalıdır ki, mənzil kirayəsindən gəlir əldə edən vətəndaşlar bu sahədən qazandığı vəsaitlərdən qanunun tələblərinə uyğun şəkildə vergi ödəsin».

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı isə hesab edir ki, mövcud şərait və mexanizmlər mənzil kirayəsinə görə vergilərin toplanması üçün yetərli deyil. Onun sözlərinə görə, hazırda kirayə mənzillərin qeydiyyat sistemi, onları nəzarətdə saxlamaq imkanları çox məhduddur: «Azərbaycanda mənzilini kirayə verənlər, rəsmi müqavilə olduğu halda, 14 faiz gəlir vergisi ödəməlidir. Reallıqda isə heç kəs mənzilini kirayəyə verdiyini rəsmiləşdirmir, tərəflər arasında müqavilə bağlamır. Belə olan halda mənzil kirayəsi üzrə vergi öhdəlikləri də yerinə yetirilmir».

R.Osmanlının qənaətinə görə, mənzilini kirayə verən vətəndaşların vergi öhdəliklərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə yerinə yetirməsi üçün daha çevik mexanizmlərin hazırlanmasına ehtiyac var: «Hazırda Azərbaycanda kirayə mənzillərin qeydiyyat sistemi olmadığı üçün bununla bağlı hansısa hesablamalar aparmaq da mümkün deyil».

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email