Uçot və nəzarət sivilizasiyanın mühüm amilləridir

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Uçot necə yaranıb?

Dünyada heç bir şey öz-özünə, yoxdan yaranmır, keçmişin dərin qatlarında həmişə mövcud olan nədənsə var olur.  Mühasibat uçotu da istisna deyil: ev təsərrüfatında sadə hesabdarlıq, qiymətlilərin invertarizasiyası, tutulmuş balığın, vurulmuş ovun sayılması müasir mühasibatlığın yaranmasına təkan verən amillərdəndir. Bu gün elm kimi formalaşan mühasibat uçotu yaranmasında qədim insanın fəaliyyətinin nəticəsi kimi meydana çıxan uçota borcludur.

İnsan cəmiyyətinin inkişafının ilk mərhələsində insan bütün məlumatları beyninə yerləşdirirdi, insanın yaddaşı mühüm hadisələri xatırlamaq üçün kifayət edirdi. İqtisadi həyatın çətinləşməsi ilə saymaq üçün vasitələr tapmaq, hesablananları qeyd etmək zərurəti yarandı. Qədim insanın uçota olan təlabatı hesablama ilə bağlı elmlərin əmələ gəlməsinə və inkişafına təkan verdi. Digər elmlər – yazı və hesab sonradan, insanın say bacarıqları meydana çıxdıqdan sonra inkişaf etdi.

Öz təsərrüfat fəaliyyətində qədim insan uçot aləti kimi müxtəlif vasitələrdən istifadə edib. Latın dilində ”kalkulyasiya“ (calcul-daş) kimi səslənən ”daşlarla haqq-hesab“ı yada salın. Bu söz sizə mühasibatlığın “silahı” olan kalkulyatoru xatırladırmı?

Beləliklə, ibtidai icma qaydası üstünlük təşkil etiyi ilkin insan cəmiyyətində əmlakın sadə say üsulları (məsələn, iki qoyun = 2 cızıq yaxud 2 düyün) kifayət edirdisə də, sonrakı dövr yeni üsulların yaradılmasını zəruri etdi.

Mühasibat uçotu öz yaranışına görə ilkin insan cəmiyyətində əmlakın sada say üsullarına borcludur.

Uçot nə vaxt yaranıb?

Azərbaycan dilində “uçot” sözü nəyisə hesaba almaq, siyahıya almaq, hesablayaraq qeydə almaq anlamında işlədilir. Sözün mənşəyi “uçot” anlayışını mübadilə prosesinin yaranması ilə əlaqələndirməyə, onunla birgə inkişaf etdiyini deməyə əsas verir.

İnsanlar cəmiyyətdə özlərini anlamağa başlayandan sonra ətraf aləm haqqında bilikləri ulduzlar, zaman, heyavanların davranışı, təbiətdə dəyişikliklər kimi müxtəlif hadisələrin qeydə alınması ilə toplayırdılar. İnsan işləməyə başladıqdan sonra əmək alətləri icad etdi və əldə etdiyi qənimətlərin (əməyin nəticələrinin, “anbar ehtiyatlarının”) uçotunu aparmaq zərurəti yarandı. Uçot:

  • nizamı qorumağa;
  • proqnozlar verməyə;
  • ehtiyatları artırmağa kömək edirdi.

Hesabın inkişafına tələbatdan artıq ehtiyatların formalaşması və mübadilənin başlaması kömək etdi.

“Uçot nə vaxt yaranıb?” sualına birmənalı cavab vermək çətindir. Əslində biz heç vaxt əsl başlanğıcın haradan qaynaqlandığını bilmirik: günün neçənci dəqiqədən başladığını kim deyə bilər? Yaxud, insan həyatı hamiləliyin başlanğıcından yaxud onun doğuşundan başlayır? Hər halda, uçotun yaranma tarixi haqqında suala dəqiq cavab verə bilməsək də, deyə bilərik ki, mühasibatın əcdadı olan uçot sivilizasiya ilə birlikdə yaranmışdır.

Geniş mənadə “mədəniyyət” sözünün sinonimi kimi işlədilən “sivilizasiya” anlayışı cəmiyyətin intellektə, sosial ədalətə, mədəni dəyərlərə, müəyyən texnologiyaya əsaslanan tarixi inkişaf mərhələsini xarakterizə edir.

Bəşər sivilizasiyası ilə birlikdə yaranan uçot, sivilizasiyanın yaranması və inkişafının ayrılmaz xüsusiyyəti, getdikcə daha çox iqtisadi dünyaya çevrilən ətraf aləm haqqında insan düşüncəsinin təbii təcəssümüdür. 

Uçotun qısa tarixi

Yuxarıda uçotun sivilizasiyalı insanla birgə yarandığı qeyd edilsə də, konkret tarix haqqında heç nə deyilmir. Əslində dəqiq tarixi heç kim bilmir: ötən dövr uçotun mənşəyini, onun ilk cücərtilərini bizdən həmişəlik gizlədib. Onlar bizdən bir neçə min il əvvəl yox olublar. Dəqiq tarix bilinməsə də, alimlər uçotun yaranması bizdən 6000 əvvələ aid edirlər.

Əslində, ibtidai icma qurluşunda da uçot aparılıb, sadəcə, o illərdə uçot onu aparan insanların başlarında başlayıb və elə orada da başa çatıb. Yeganə uçot registri kimi də insanın yaddaşına xidmət edib.

İnsan cəmiyyətinin tərəqqisi uçotun da inkişafını zəruri edirdi. İnkişaf etmiş uçot sisteminin izlərinə Nil, Dəclə və Fərat çayı boyunca yaşayan insan cəmiyyətlərində rast gəlinir. Bizə gəlib çatan ilk yazılı uçot nümunəsində Misirdə əkinçiliklə məşğul olan insanların Nil çayının suyundan istifadəyə görə taxıl, habelə pambıqla vergi ödənilməsi haqqında qeydlər əks olunub. İşarələrin qoyulması ilə aparılan bu qeydlər eramızdan 6000 il əvvələ təsadüf edir.

Bizim eramızdan əvvəl 2000-ci ildə Çində uçot sisteminin inkişafı barədə tarixi məlumatlar vardır. Sonrakı mövzularda yaxından tanış olacağımız mühasibatlıqda ikili yazılış üsulunun elementləri qədim Romada qeydə alınıb.

Geniş ticari əlaqələrə malik finikiyalılar, misirlilər və vavilyonlulardan bizə invertizasiya siyahıları, borclar barədə qeydlər gəlib çatıb. Əslən ingilis olan uçot üzrə alim A. Vulfun iddiasına görə finikiyalılar əlifbanı ”yalnız uçotun təlabatını ödəmək üçün kəşf etmişlər”. İlk yunan əlifbasının hazırlayan Kadi isə yazırdı: “…mən onu (əlifbanı-red.) sadəcə olaraq kommersiya ehtiyaclarım üçün yaratdım… Daha tez qeyd aparmaq üçün mənə sadə işarələr sistemi lazım idi”.

XIII-XIV əsrə aid mənbələrdə İtaliyanın, Fransanın bəzi ticarət mərkəzlərində uçotun təkmilləşdirilməsi istiqamətində işlərdən danışılır. Bu işlərin izlərinə Florensiyanın ticarət firmaları, eləcə də Şampan (Fransa) əyalətinin tacirlərinin qeydlərində rast gəlinir. Ticarətin inkişafı borc hesablaşmalarının aparılmasında, malların hesablanaraq qeydə alınmasında dəqiqliyi zəruri edirdi. Borc və mallar üzrə qeydlər lövhələr, peqment və taxtalarda əks etdirilirdi. Kağızın ixtirası uçotda kitablardan istifadəyə yol açdı. Kitabda hər bir borc üçün hesablar açılır, qeydlər isə bu borc hesabı üzrə aparılırdı.

Nağd pulla yanaşı, eyni zamanda kağız pulların (çek, veksel) dövriyyəyə buraxılması kassa, mal, veksel və digər kitabların meydana gəlməsinə, kitab hesabdarlığının yaranmasına səbəb oldu.

Yuxarıdakı qısa qeydləri nəzərə alaraq deyə bilərik ki:

  • hesab – hər hansı hesablamanın rəqəmlərlə ifadə olunan nəticəsidir;
  • hesabdarlıq – hesablar üzrə əməliyyatların uçotunun aparılmasıdır;
  • hesabdar – “hesablayan” (hesabçı) funksiyasını icara edən şəxsdir.

İqtisadi münasibətlərin sonrakı inkişafı mühasibat uçotunun yaranmasına və inkişafına təkan verdi. Amma, biz, hələ ki, başqa suala cavab verməliyik.

Uçot nədir?

Baş verən hadisələr, faktlar haqqında məlumat toplamaq insanın fəaliyyəti üçün çox vacibdir. Düzgün toplanmış məlumatlar hadisə və faktlar haqqında icmal hesabatlar hazırlamağa imkan verir. Bu hesabatlar əsasında baş verənləri nəzarətdə saxlamaq, habelə onları idarə etmək daha asandır. Məlumat toplanarkan bir çox suala cavab vermək lazım gəlir: “nə?”, “harada?”, “nə vaxt?”, “nə qədər?”, “vəziyyəti necədir?”. Bu sualları müşahidə əsasında cavablandırmaq mümkündür. Hadisələri, faktları sözlə xarakterizə etmək olar, ancaq rəqəmlərin köməyi ilə ölçərək ən böyük dəqiqliyi əldə etmək mümkündür. Toplanmış məlumatların qeydiyyatı və təhlili ümumiləşdirilmiş nəticələr formalaşdırmağa zəmin yaradır.

Uçot – cəmiyyəti müxtəlif təşkilati səviyyələrdə (iqtisadi, siyasi, sosial, mədəni və s.) idarə etmək üçün istifadə olunan hadisələrin və faktların kəmiyyətlə ifadəsidir.

 

Uçotun forma və növləri

Biz uçot prosesini, qeydlərin aparılmasını, hesabatların hazırlanmasını bir qayda olaraq təsərrüfat fəaliyyətinə aid etməyə vərdiş etmişik. Əslində, bizim gündəlik həyati fəaliyyətimizin müxtəlif sahələrində uçot fərqli formada təzahür edir, həyatımızın bütün mərhələlərində iştirak edir, cəmiyyətin inkişafını təmin edir. Nümunələrə baxaq.

  • Dünyaya yenicə göz açmış körpənin fəaliyyətinə diqqət edək. Körpə dünyaya göz açdığı andan müşahidə və “qeydiyyat”la məşğul olur: eşitdiklərini, gördüklərini yaddaşına həkk edir, şüur isə bu qeydləri təhlil edir (məsələn, körpəni əhatə edən əşyalar, hədisələr, yaxın insanların adlarının aydınlaşdırılması). Sonrakı mərhələdə yaddaşa həkk edilmiş məlumatların təhlili nəticəsində səsli “icmal hesabat” hazırlayır (məsələn, insanları ata, ana, baba, bacı, qardaş kimi fərqləndirir və səsləndirir).
  • Başqa bir nümunə vaxtın idarəçiliyi haqqındadır. Bu gün vaxtın idarə edilməsi istiqamətində müxtəlif metodlar təklif edən çoxsaylı kitab və kurslar mövcuddur. Bu metodların hamısının əsasını vaxtdan gündəlik istifadənin qısa qeyd edilməsi, bu qeydlərin sonrakı təhlili, aylıq yaxud illik icmallaşdırılması təşkil edir.

Uçot məlumatları əsasında icmal hesabatların hazırlanması mərhələləri mühasibat uçotu ilə yanaşı işçi heyətin, müxtəlif risklər, insan resursları, iş vaxtı, informasiya və digərlərinin uçotu işlərində də tətbiq edilə bilər. Tətbiq sahəsindən asılı olaraq uçotun müxtəlif növlərindən istifadə edilir. Uçotun subyektlərinə nümunələr aşağıdakı cədvəldə əks olunub.

Sahibkar üçün uçotin subyekti müəssisə, firma, astranom üçün planet, həkim üçün xəstədir.

İş vaxtının uçotu prosesində vaxtamuzd, işəmuzd, gündəlik, həftəlik, cəmləndirilmiş iş vaxtı və digər uçot növlərindən istifadə edilir. İdarəetmə uçotunda istehsal məsrəfləri üzrə uçot və fəaliyyət nəticələrinə görə uçot, büdcə uçotu, strateji uçot növlərindən istifadə edilir. Siyahını uzatmaq olar, amma bizi insanın təsərrüfat fəaliyyəti prosesində istifadə etdiyi uçot növləri daha çox maraqlandırır. İnsan cəmiyyətinin yarandığı və inkişaf etdiyi bütün dövrlərdə uçot insanın təsərrüfat fəaliyyətinin ayrılmaz hissəsi olmuşdur. İnsan hansı təsərrüfat fəaliyyəti ilə (ovçuluq, əkinçilik, heyvandarlıq, sənətkarlıq, istehsal, sənaye və s.) məşğul olmasından asılı olmayaraq uçotdan istifadə etmiş, onu bu, yaxud digər formada tətbiq etmiş, inkişaf etdirmişdir. Bu inkişaf müasir mühasibat uçotunun yaranmasına təkan vermişdir. Amma bütün bunlar bizim sonrakı məqalələrimizin mövzusudur.

Print Friendly, PDF & Email