Mühasibat uçotunun tarixi: təşəkkül və inkişaf

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat nə vaxt yaranıb?

“Mühasibat uçotu” və “hesabatlılıq” anlayışlarının yaranma tarixinə müasir elmin cavabı birmənalı deyil. Mühasibat uçotunun tarixi inkişaf mərhələlərinə yanaşma fərqlidir. Uçotun təşəkkül və inkişafına belə yanaşmalardan biri professor Y.V.Sokolova məxsusdur. Onun fikrincə “Mühasibat nə vaxt yaranıb?” sualına 3 fərqli cavab vermək olar:

  • 6 min il öncə, insanın təsərrüfat fəaliyyəti faktlarının məqsədyönlü şəkildə qeydə alınmağa başladığı tarixdən;
  • 500 il əvvəl Luka Paçolinin kitabının çapı uçotun dərk olunmasına təkan verdikdən sonra;
  • 100 il əvvəl, mühasibat sahəsində ilk nəzəri konstruksiyalar ortaya çıxdıqda.

Amma ibtidai cəmiyyətdə primitiv də olsa (cızıqlar formasında) “anbar uçotunun” aparıldığını qəbul etsək, həmin dövrü uçotun təşəkkül dövrünün başlanğıcı kimi qəbul etmək olar.

Mühasibat uçotunun tarixi inkişafına nəzər salsaq, onun eramızdan əvvəl VI minilliyə aid ibtidai cəmiyyətdə bir şəxs tərəfindən aparılan primitiv şifahi uçotundan özünün müasir formasına qədər xeyli məsafə qət etdiyini görərik (qədim Çin dövründən bizə gələn qeydlər mühasibat uçotunun 8 min illik mövcudluğuna dəlalət edir).

Tarixi sənədlərə görə daha təkmil mühasibat uçotu sistemi Çində eramızın 7-ci əsrində artıq mövcud idi. Maraqlıdır, görəsən onda kimsə bir gün onlayn mühasibin təsərrüfat subyektlərinə mühasibat uçotunun aparılması üzrə xidmətlər göstərə biləcəyini düşünə bilərdimi?

Qədim Dünyada uçot sistemi

Mühasibat uçotunun tarixi hələ yazı və hesabın kifayət qədər inkişaf etmədiyi qəbilə icmasından başlayır. Uçot insanın əsas ehtiyaclarını ödəyən maddi sərvətlərin kifayət qədər olmasının nəticəsi kimi, bir qayda olaraq ağsaqqal və ya icma rəhbəri tərəfindən aparılırdı.

Şifahi uçotun yetərliliyi təkcə yazının olmaması ilə bağlı deyildi, həm də qida, əşya və digər maddi sərvətlərin saxlanması üçün şəraitsizliklə də müəyyən edilirdi. Çox vaxt uçota alınacaq heç bir şey də yox idi.

Qədim Misir və Babildə ilk yazılı qeydlərin meydana çıxması

Qəbilələr arasında iqtisadi əlaqələrin meydana çıxması, həmçinin yazı və hesabın yaranması mühasibat uçotunun tarixi inkişafına öz töhfəsini verdi. Rüsumlar (vergilər) formasında münasibətlər sisteminin formalaşması da öz təsirini göstərirdi. Mühasibat uçotunun ilk üsulları inventarlaşdırma və xərclərin uçotu idi, əlamətləri Qədim Babil və Qədim Misir kimi dövlətlərdə müəyyən edilmişdi.

İnventar cədvəllərinə 2 il fasilələrlə tarix qoyulurdu, yəni inventarlaşdırma 2 ildə bir dəfə aparılırdı. Qədim Misirdə hesab qeydləri uzunluğu 4-5 metrə çatan papiruslarda saxlanılırdı. Belə bir “rulonda” qeydlər qara və qırmızı mürəkkəblə edilirdi, daha maraqlı tarixlər (gün və ay, yekun məbləğ) qırmızı rənglə vurğulanırdı.

Qədim Babildə qeydlər üçün gil təbəqəsi ilə örtülmüş nazik lövhələrdən istifadə olunurdu. Məlumatları qeyd etmək üçün gil su ilə isladılır, qeydlər aparılır, sonra qurudulur və odda bişirilirdi. Ticarət əməliyyatının qeydində tarix, göndərən və alan, qiymətlilərin adı və onların miqdarı barədə məlumatlar var idi. Çox vaxt bu cür “kartlar” möhürdə göstərilən məzmunu olan qablarda möhürlənərək saxlanılırdı.

Pul köçürərkən qəbz tələb olunurdu, onsuz əməliyyat etibarsız sayılırdı. Maddi sərvətlərin uçotu zadəganların saraylarında və şəxsi təsərrüfatlarında, habelə tacirlər tərəfindən aparılırdı. Dövlət qeydləri adətən məbədlərdə həyata keçirilirdi.

Mühasibat uçotunun tarixi: metodologiyanın təkamülü

Müasir mühasibat alimləri uçotun inkişafının 6 mərhələsini fərqləndirirlər:

  1. Natural uçot dövrü:  Qədim Dünyanın uçot sistemləri məhz bu mərhələyə aiddir. Bu dövr eramızdan əvvəl 4000-ci illərdən b.e.ə. 500-cü ilə qədər davam edib. Uçotun əsasını əmlakın mövcudluğu və təsərrüfat əməliyyatlarının başa satması faktlarının ifadəsi təşkil edirdi.
  2. Uçotun dəyər dövrü (e.ə. V əsr – eramızın XIII əsri): Bu dövr qiymətlilərin uçotunun natural və pul uçotuna bölünməsi mərhələsidir. Pulun meydana gəlməsi hər bir əşyanın və ya xidmətin dəyərinin müəyyən edilməsinə səbəb oldu, bu da miras (əmlakın uçotu, patrimonial uçot) və kameral (pul vəsaitlərinin hərəkətinin uçotu) uçot bölgüsünə səbəb oldu.
  1. Diqrafik (1300-dən 1850-yə qədər) mərhələ: Təsərrüfat fəaliyyətinin maliyyə nəticəsinin müəyyən edilməsi zərurəti patrimonial uçotda uniqrafik və diqrafik qeydlərin yaranmasına səbəb oldu. Hesablar planında kapital, mənfəət və zərər hesabları meydana çıxdı. Mühasibat uçotunun tarixi inkişafının bu mərhələsində diqrafik (ikili) uçot inkişaf etdi, lakin kiçik müəssisələrin sadələşdirilmiş vergi sisteminə keçidi uniqrafik uçotun populyarlaşmasına səbəb olurdu.

Yuxarıda qeyd edilən üç mərhələ haqqında daha ətraflı oxumaq üçün buraya keçid edə bilərsiniz.

  1. Nəzəri-praktiki mərhələ (1850-ci ildən 1900-cü ilə qədər): Hesablar sisteminin, onların təsnifatının inkişafı ilə xarakterizə olunur. Bu mərhələdə müasir dövrümüzdə də istifadə olunan maya dəyəri, balans, istehsal xərcləri, mənfəət kimi şərti kateqoriyalar sistemi yaranır.
  2. Elmi mərhələ (XX əsrin ilk 50 ili) – bu mərhələdə:
  • uçot sahə prinsipinə uyğun olaraq yenidən istiqamətləndirilir, milli uçot və hesabat sistemi vahid standartlara keçirilir, müəssisənin əmlak-hüquqi vəziyyətinin qiymətləndirilməsi prinsipləri sistemi hazırlanır;
  • mühasibat uçotunun tarixində ilk dəfə məsrəflərin uçotu sistemi yaranır;
  • təkcə birbaşa deyil, həm də dolayı məsrəfləri nəzərə almaqla məsrəflərin hesablanması anlayışı meydana çıxır;
  • mühasibat uçotu ideyasını kökündən dəyişdirən qarşıdan gələn xərclərin normalaşdırılması sistemi yaranır.

Həmçinin balans hesabatının dinamik və statik şərhi auditin yaranmasına səbəb oldu. Bir sıra Avropa ölkələrində vergi qanunvericiliyi inkişaf etməyə başlayır ki, bu da mühasibat hüququ sahəsində qanunvericilik normalarının yaranması üçün ilkin şərait yaratdı.

​6. Mühasibat uçotunun tarixində 1950-ci ildən başlayan müasir dövr bu günə qədər davam edir. Bu mərhələ mühasibat balansının dinamik şərhinin inkişafı idarəetmə uçotunun yaranmasına, statik şərh isə beynəlxalq maliyyə hesabatı standartlarının və milli uçot sisteminin yaradılması üçün əsas oldu. Vergi uçotu sistemi formalaşdırıldı.

Mühasibat uçotu sisteminin inkişafı onun müxtəlif qrupların maraqlarına uyğun şərh edilməsinə səbəb oldu:

  • vergi uçotu dövlətin maraqları naminə formalaşır;
  • maliyyə uçotu sahiblər, investorlar və kreditorlar üçün əhəmiyyətli olan məlumatları əks etdirir;
  • idarəetmə uçotu şirkət rəhbərliyinin tələblərinə uyğun aparılır.

Bütün bunlar mühasibat uçotunun tarixi inkişafında yeni səhifələr, yeni istiqamətlər idi. Həmçinin, digər məsələlərlə yanaşı, mühasibat uçotu öz inkişafında elə səviyyəyə çatdı ki, o, təkcə iqtisadi kateqoriya deyil, həm də tələb edilən xidmətə çevrilirdi. Yaşadığımız məkanın aid olduğu SSRİ-nin dağılması (ötən əsrin 90-cı illəri), bir mütəxəssisin bir neçə şirkətin uçot işlərinin aparılması imkanının yaranması mühasibat xidmətlərinin yüksək qiymətləndirilməsinə səbəb oldu.

Bu gün mühasibat uçotu üzrə ixtisaslaşmış əksər konsaltinq şirkətləri ixtisaslı və təcrübəli mütəxəssisləri ilə müxtəlif sənaye sahələrində mühasibat xidmətləri göstərirlər. Bu, mühasibat uçotunun iqtisadi fəaliyyətin ayrıca sahəsi kimi inkişafında yeni mərhələdir.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *