Mühasiblərin işini “ASAN xidmət” görəcək – “ASAN xidmət” bu yeni xidmət üzrə rüsumu açıqlayıb

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin həyata keçirilməsinə başlanılıb.

Vətəndaşlar bu çərçivədə Vergilər Nazirliyinə rüblük sadələşdirilmiş, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə-dublikatların onlayn sifariş edilməsi, onlayn kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, aylıq elektron qaimələrin göndərilməsi, əmək müqavilələrinin onlayn qeydiyyatı, Dövlət Sosial Müdafiə Fonduna rüblük hesabatının verilməsi, Dövlət Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi xidmətlərindən yararlana bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət”də həyata keçirilən fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin rüsumunu açıqlayıb.

Fiziki şəxslər sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi üçün mərkəzə şəxsiyyətini təsdiq edən sənəd, VÖEN, Asan imza, Rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri), hüquqi şəxslər isə hüquqi şəxsin rəhbərinin şəxsiyyətini təsdiq edən sənəd, VÖEN, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, hüquqi şəxsin nizamnaməsi, Asan imza, rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri) təqdim etməlidir.

Xidmət haqqına gəlincə, fiziki şəxslər sadələşdirilmiş rüblük (3 aylıq) və illik vergi bəyannamələrinin ödənişi üçün 20 manat, sadələşdirilmiş rüblük (3 aylıq) və illik ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin ödənişi üçün isə 30 manat ödəməlidir. Hüquqi şəxslər üçün xidmət haqqı 60 manat müəyyənləşdirilib.

Qeyd edək ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ərtaflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə edə bilərlər.

Print Friendly, PDF & Email