“Sadələşdirilmiş vergi imtiyaza çevrilməməlidir”

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sadələşdirilmiş vergiBəzi sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi kimi qeydiyyatdan keçməklə «kiçik biznes» kateqoriyasının üstünlüklərindən sui-istifadə etməyə çalışırlar

Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı özəl sahibkarlığın inkişafından çox asılıdır. Qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi indiki dövrdə vergi siyasətində çevik və şəffaf mexanizmlərin tətbiqi dövrün zəruri tələbinə çevirib. Bu şəraitdə ən vacib şərtlərdən biri vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada və əməkdaşlığa əsaslanmasıdır.  1 avqust 2018-ci il tarixə olan məlumata görə, hazırda Azərbaycanda 939 min 149  vergi ödəyicisi var ki, onların da əksəriyyəti sadələşdirilmiş vergi ödəyiciləridir. Onların  təqdim etdiyi vergi bəyannamələrindən görünür ki, həmin vergi ödəyicilərinin böyük əksəriyyətinin dövriyyəsi 100 min manatdan aşağıdır. Sadələşdirilmiş vergilərin ümumi vergi daxilolmalarındakı payının az olması həm də onunla izah edilə bilər ki, bu sistem bəzi sahibkarlar üçün dövriyyəni azalt­maq üçün sui-istifadə alətinə çevrilib. Bununla da onlar özlərini «kiçik biznes» kateqoriyasına aid edir və vergilərdən yayınmağa çalışırlar.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mövcud qanunvericiliyə əsasən, sadələşdirilmiş vergi ödəyiciləri bunlardır:

– mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişindaşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin ə yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;

-idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;

– mülkiyyətində olan torpaq, yaşayış (fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələri istisna olmaqla) və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər (torpaq, yaşayış və qeyri-yaşayış sahəsi hədiyyə, maddi yardım və miras kimi vergi ödəyicisinin ailə üzvlərindən alındıqda, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanuna əsasən kompensasiya ödənildikdə, ər və arvad (və ya keçmiş ər-arvad) arasında verildikdə istisna olmaqla);

– fəaliyyətləri zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlər, nəqqaşlıq emalatxanalarının fəaliyyəti ilə məşğul olan şəxslər (aylıq sabit vergi məbləği üzrə).

Həmçinin əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər, habelə vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti göstərənlər, bina tikintisi ilə məşğul olanlar da sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər.

Həmçinin bax: Sadələşdirilmiş vergi ödəyicisi hədiyyə verən və alan zaman hansı vergi öhdəliyi yaranır?

Sadələşdirilmiş verginin ödəyicilərinin öhdəlikləri

Sadələşdirilmiş verginin ödəyicisi olan və ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərə, habelə qeyri-dövlət pensiyaları və digər ödəmələri (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verərkən onlardan ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Sadələşdirilmiş verginin ödəyiciləri tərəfindən fiziki şəxslərə muzdlu işlə əlaqədar hesablanmış aylıq gəlirdən gəlir vergisi aylıq hesablanmalı və növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli, bu barədə müvafiq bəyannamə hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Qeyri-dövlət pensiyaları və digər ödəmələr (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verilərkən qeyd edilən gəlirdən vergi tutulmalı, tutulmuş vergi gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli, bu barədə müvafiq bəyannamə isə həmin müddətdə vergi orqanına təqdim edilməlidir.

Həmçinin bax: Hansı hallarda sadələşdirilmiş vergi ödəyicilərinə səyyar vergi yoxlaması açıla bilər?

Vergidən yayınmanın məsuliyyəti

Sadələşdirilmiş verginin ödəyicilərinə vergi qanunvericiliyinin pozulması hallarına görə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq aşağıda göstərilən maliyyə sanksiyaları və faizlər tətbiq edilə bilər:

– sadələşdirilmiş verginin hesabatını və ya vergi öhdəliyinin yaranmaması haqqında arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;

– aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində;

– verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında;

– təqvim ili ərzində nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

birinci dəfə yol verildikdə – 400 manat;

ikinci dəfə yol verildikdə – 800 manat;

üç və daha çox dəfə yol verildikdə – 1200 manat məbləğində cərimə müəyyən edilir.

Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan sadələşdirilmiş vergitutma metodunu seçmiş ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olanlar bu qaydaları birinci dəfə pozduqda 2000, ikinci dəfə 4000, üç və daha çox pozduqda isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Sadələşdirilmiş vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə, ona ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir il müddətindən çox olmamaq şərtilə, ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz hesablanır.

Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və vergi uçotuna sadələşdirilmiş verginin ödəyicisi kimi alınan şəxs verginin məbləğini hesabat rübü ərzində təqdim edilmiş mallara (işlərə xidmətlərə) və əmlaka görə əldə edilmiş hasilatın, habelə satışdankənar gəlirlərin həcminə Bakı şəhərində 4 faiz, digər regionlarda, habelə Naxçıvan Muxtar Respublikasında 2 faiz tətbiq etməklə hesablayır. Ticarətlə məşğul olanlar 6 faiz, ictimai iaşə xidməti göstərən sahibkarlar isə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergiNİN ödəyiciləridir. Hesablanmış verginin məbləği hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq «Sadələşdirilmiş vergi bəyannaməsi» ilə bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email