Vergi Məcəlləsinə edilmiş dəyişikliklər – Suallar və Cavablar

posted in: Vergi, Xəbər | 0
birbank biznes
Vergi Məcəlləsinə edilmiş dəyişikliklər

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində aşağıdakı 5 əsas istiqamət üzrə mühüm dəyişikliklər edilmişdir:

• Sahibkarlığın dəstəklənməsi;

• Vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması;

• Vergitutma bazasının genişləndirilməsi;

• Vergi inzibatçılığının təkmilləşdirilməsi;

• Vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.

Bax: “Sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiqlənib

Sahibkarlığın dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən sadələşdirilmiş verginin dərəcəsinin bütün ölkə ərazisində 2 faiz müəyyən edilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə güzəştlərin verilməsi, inzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılması və digər məsələləri əhatə edir.

Bu dəyişikliklər sırasında mikro və kiçik sahibkarlıq subyektləri üzrə sahibkarlığın dəstəklənməsi xüsusi yer tutur və onlar əsasən aşağıdakılardan ibarətdir:

2019-cu ildən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək;

Kiçik sahibkarlıq subyektləri şəffaf uçot apardıqları halda, onlara əlavə vergi güzəşti veriləcək;

Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad ediləcəklər;

KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad ediləcək;

KOB klasterinin iştirakçısı olan sahibkarlıq subyektlərinin gəlirlərinin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə mənfəət vergisindən azad ediləcək;

Mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi daxildir.

Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər.

“Startap” şəhadətnaməsi əldə etmiş mikro və kiçik sahibkarlıq fəaliyyəti subyektləri müvafiq şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə gəlir və mənfəət vergisindən azad ediləcəklər.

Vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən aylıq əməkhaqqı 8.000 manatadək olduqda gəlir vergisinin 0 dərəcə ilə, əməkhaqqı 8.000 manatdan çox olduqda isə 8.000 manatdan çox olan məbləğin 14 faiz həcmində müəyyənləşdirilməsi, ƏDV-nin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması və digər məsələləri əhatə edir.

Vergitutma bazasının genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması, vergi uçotunda olmayan şəxslərdən nağd qaydada alına bilən mallara görə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi, sadələşdirilmiş verginin ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması, aksizli və məcburi nişanlanmalı malların dövriyyəsinə səmərəli vergi nəzarəti mexanizminin qurulması, aksizli malların siyahısının genişlənməsi (energetik içkilər, elektron siqaret üçün maye), aksiz dərəcələrinin artırılması və digər məsələləri əhatə edir.

• işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;

• topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;

• qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını həyata keçirən şəxslər;

• xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;

• lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməyəcəklər.

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən real vaxt rejimində (on-line) işləyən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiq edilməsi, vergi ödəyicisinin iqtisadi maraq mərkəzinin olduğu yer üzrə uçota alınması, elektron qaimə-faktura verməli olan şəxslərin əhatəsinin dəqiqləşdirilməsi, ƏDV-nin əvəzləşdirilməsi mexanizminin təkmilləşdirilməsi və digər məsələləri əhatə edir.

Vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən özəlləşdirmədə iştirak edən investorların əmlak vergisindən azad edilməsi, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və səhmlərin satışına vergi güzəştinin tətbiq edilməsi, həssas sosial təbəqələrə (həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına) güzəştin verilməsi, vergi güzəştləri əldə edən şəxslərə malların dövriyyəsinin uçotunun aparılmadığı halda maliyyə sanksiyalarının tətbiqi və digər məsələləri əhatə edir.

Ümid edirik ki, təqdim olunan material həm vergi ödəyiciləri, həm də vergi orqanlarının əməkdaşları üçün faydalı olacaqdır.

Vergilər Nazirliyinin

Vergi siyasəti departamenti

Keçidə daxil olmaqla faylı yükləyin və sual/cavablarla tanış olun:



Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.



Print Friendly, PDF & Email