Mühasib işi dünyanın ən əziyyətli, həm də ən gəlirli işlərindən biri hesab olunur. Əvvəllər mühasib deyəndə, istər-istəməz göz önünə eynəkli, bir əlində qələm, bir əlində hesablayıcı olan, stolunun üstündəki qalaq-qalaq kağızın arasında itib-batan bir şəxs gəlirdi. Lakin indi informasiya kommunikasiya texnologiyalarının inkişafı sayəsində bu obraz xeyli dəyişib – qovluqlarla dolu kağızı, elə hesablayıcını da kompüter əvəz edib.


Bax: Mühasiblərin bayramı


Müasir dövrdə iqtisadiyyat anlayışının əhatə etdiyi hər bir sahənin incə nöqtəsi olan mühasibatın tarixi nə az, nə çox – düz 6 min il əvvələ gedib çıxır. Bəzi məlumatlara görə, mühasibatlıq hətta Mesopotamiyanın çiçəkləndiyi dövrlərdə – eramızdan əvvəl 5000- 4500-cü illərdə mövcud olub. Eramızdan əvvəl 630-cu ildə yunanlar döymə sikkələri yaratmaqla hesab-kitabın daha dəqiq aparılmasına, bununla da mühasibatlığın təkmilləşməsinə yol açdılar. Yunanların qeydiyyat sistemindən qədim Romada da istifadə olunub.

Erkən orta əsrlərədək təsərrüfat həyatını olduğu kimi qeydə alan sadə mühasibatlıq mövcud  olub. Lakin bu uçot yekunları qiymətləndirməyə, gəlirləri ümumiləşdirməyə imkan vermirdi.

Erkən orta əsrlərdən etibarən İtaliyada ticarətin yüksək inkişafı sayəsində mühasibatın aparılması forması da dəyişdi. Venesiya, Genuya kimi ticarət mərkəzlərində ikili uçotdan istifadə etməyə başladılar. Öz gəmiləri ilə dünyanın az qala bütün nöqtələrinə gedən italyan tacirlər mühasiblərdən daha dəqiq uçot tələb edirdilər. Onlar əldə edəcəkləri gəlirləri qabaqcadan hesablamaqda maraqlıydılar. Buna görə də sadə mühasibatlıqla yanaşı, kameral uçotdan da istifadə edilməyə başlandı. Kameral uçot gəlirlərlə yanaşı, xərcləri də qeydə almağa, onların əsasında hesablamalar aparıb qeyri-dəqiqliklə də olsa mənfəəti müəyyənləşdirməyə imkan verirdi.

İntibah dövründə isə mühasibatlıq daha da təkmilləşir, yeni kombinasiyaların tətbiqinə başlanır, banklar hesabların yeni formalarını tətbiq edirlər. XV əsrdə kitab çapının kəşfi də mühasibatlığın inkişafına təkan verən amillərdən hesab olunur. Tədricən mühasibat uçotu ikili (debit-kredit) aparılmağa başlayır ki, bununla da yeni mərhələnin əsası qoyulur.

Qeyd edək ki, “debit” latın dilində “sahibə borcluluq” anlamını verən “debita” sözündən götürülüb. “Kredit” anlayışı isə yenə latın dilində olan, “sahibin borcu” – “credo” sözündəndir.

1494-cü ildə fransız monax, həm də riyaziyyatçı alim Luka Paçoli ilk dəfə özünün “Hesabın, geometriyanın cəmi, proporsiyalar və münasibətlər haqqında təlim” adlı kitabının 9-cu bölümünün “Hesablar və qeydlər haqqında” adlı 11-ci traktatında ikili uçotu təsvir edib. Traktatda Luka Paçoli təsərrüfat əməliyyatlarının analizi və qeydiyyat kitablarının aparılmasının mövcud üsulları – memorial, jurnal, Baş kitab və inventar kitabının əsasında ikiqat qeydəalmanın qaydalarını təsvir edib. Bununla da o,  həmin qeydəalmaya əsaslanmaqla hesab kitabın əlverişli sistemini yaratmağın mümkün olduğunu isbat edib. Onun qısa olaraq “Summa” adlandırılan əsəri çox tezliklə ticarətçilərin diqqətini cəlb etdi, böyük sürətlə alman, fransız, rus, flamand dillərinə tərcümə olunaraq, Paçoliyə “mühasibatlığın atası” adını qazandırdı.

Lakin maraqlıdır ki, indiyədək də tarixçilər arasında ikili qeydəalmanın əsasının Leonardo da Vinçinin yaxın dostu olan Paçoli tərəfindən qoyulub-qoyulmaması məsələsində fikir ayrılığı qalır. Bir qrup tarixçi hesab edir ki, fransız alim sistemi özü yaratmayıb, yalnız mövcud olanı təsvir edib. Onlar Benedetto Kotrulya tərəfindən 1458-ci ildə yazılan,  lakin 1573-cü ildə nəşr edilən “Ticarət və müasir tacir haqqında” kitabını ikili qeydəalmanın təsvir olunduğu ilk kitab hesab edirlər.

Müasir mühasibatlıq praktikasının əhəmiyyətli hissəsi Paçolinin təsvir etdiyi sistemdə əksini tapmışdı: reyestrlər, jurnallar, baş kitablar və sair. Onun əsas kitabında aktivlər – debitorlar və ehtiyatlar; passivlər – öhdəliklər, kapital, gəlirlər və xərc hesabları təsvir olunmuşdu. O, ilin sonunda hesabların bağlanması prosesini təsvir edərək, əsas kitabın yoxlanması üçün aralıq balansdan istifadə olunmasını təklif edirdi.

Paçolinin təsvir etdiyi mühasibatlıq sistemi sonrakı 500 il ərzində demək olar ki, ciddi dəyişikliyə uğramadı. Aralıq balansı 1868-ci ildə hazırkı formasını aldı, mənfəət və zərərin hesablanması qaydası isə İkinci Dünya Müharibəsi ərəfəsində işlənib hazırlandı. 1980-ci illərdə isə müəssisənin təsərrüfat, maliyyə və investisiya fəaliyyətinə, həmçinin bu fəaliyyətin pul resurslarına təsirinə dair məlumat verən beynəlxalq maliyyə hesabatları hazırlandı.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email